Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin olunması, müraciətlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə 16 iyun 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Unus kəndində səyyar qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, eyni zamanda Unus kəndi ilə yanaşı Pəzməri kənd sakinləri də iştirak ediblər.
Qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikanın, o cümlədən Ordubad rayonunun davamlı inkişafına geniş imkanlar yaradır. Bildirilib ki, proqram çərçivəsində şəhər və kəndlərdə yol infrastrukturunun yenilənməsi, su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, tarix-mədəniyyət abidələrinin mühafizəsi və bərpası, sahibkarlığın inkişafı, məşğulluq imkanlarının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çıxış zamanı vurğulanıb ki, Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” rayonun içməli və suvarma suyu təminatının yaxşılaşdırılmasına, su infrastrukturunun daha da təkmilləşdirilməsinə və mövcud ehtiyatlardan səmərəli istifadənin genişləndirilməsinə mühüm zəmin yaradır. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun müasir tələblərə uyğun inkişafını sürətləndirəcək, yerli istehsalın və emal imkanlarının genişlənməsinə, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına əhəmiyyətli töhfə verəcəkdir.
Qəbul zamanı sakinlər tərəfindən məşğulluq məsələləri, kənddaxili arxların bərpa olunması, içməli su təminatının yaxşılaşdırılması, elektrik təchizatının yenilənməsi, torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlərlə bağlı səsləndirilən müraciət və təkliflər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yerində araşdırılıb. Qaldırılan məsələlərin bir qisminin həlli istiqamətində operativ tədbirlər görülüb, əlavə araşdırma və həlli müəyyən vaxt tələb edən müraciətlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.