
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Azadkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında “Ailədə bərabərlik: hüquq, məsuliyyət və dəyərlərin aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Hüseynov mövzunun əhəmiyyətindən və aktuallığından bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirib ki, ailədə bərabərlik sağlam cəmiyyətin formalaşmasının əsas təməlidir. Hüquq və vəzifələrin ailə üzvləri arasında ədalətli bölüşdürülməsi qarşılıqlı hörmət və anlaşmanın yaranmasına şərait yaradır. Ailə mühitində bərabərlik yalnız hüquqi anlayış deyil, həm də mənəvi dəyər kimi qəbul olunmalıdır.
Qeyd olunub ki, məsuliyyətlərin bölüşdürülməsi ailədaxili münasibətlərin möhkəmlənməsinə və birgə qərarların qəbuluna kömək edir. Qarşılıqlı dəstək və əməkdaşlıq ailə üzvləri arasında etimadı gücləndirir, sağlam psixoloji mühitin formalaşmasına xidmət edir.
Eyni zamanda, ailədə aşılanan dəyərlərin gələcək nəslin dünyagörüşünə birbaşa təsir göstərdiyi vurğulanıb. Bildirilib ki, uşaqlar bərabərlik, hörmət və ədalət prinsiplərini məhz ailədə öyrənir və bu dəyərləri cəmiyyətə daşıyırlar. Buna görə də ailədə bərabər münasibətin qurulması gələcək üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib və iştirakçılara maarifləndirici broşürlər paylanılıb.


