
Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Nüsnüs kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmələr arasında ailə dəyərlərinin, milli-mənəvi irsin və ailə ənənələrinin təbliği, ailənin cəmiyyətdəki rolunun və əhəmiyyətinin diqqətə çatdırılması, eləcə də gənc nəslin sağlam ailə münasibətləri, qarşılıqlı hörmət, sevgi, qayğı və məsuliyyət prinsipləri əsasında formalaşmasına töhfə vermək olub.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu Qiymət Hacıyeva və Ordubad Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Səba Əsgərxanlı çıxış edərək mövzu ətrafında ətraflı məlumat veriblər.
Çıxışlarda ailənin cəmiyyətin əsas özəyi olduğu, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, ailədə formalaşan sağlam münasibətlər, qarşılıqlı anlayış, böyüklərə hörmət, kiçiklərə qayğı, milli adət-ənənələrə bağlılıq uşaqların şəxsiyyət kimi yetişməsində mühüm əhəmiyyət daşıyır.
Nüsnüs kənd tam orta məktəbin direktoru Kamal Lütvəliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, bu cür maarifləndirici görüşlərin şagirdlərin dünyagörüşünün genişləndirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması, ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.




