
“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tədbirində çıxışından
Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır.
Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır.
Prezident İlham Əliyevin 2025-ci il iyulun 31-də imzaladığı Fərmanla müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək, həmçinin Azərbaycan dilinin inkişafını təmin etmək səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə aid edilmişdir.