
Azərbaycan xalqına bir çox müraciətlərim olub müxtəlif dövrlərdə. Həm işğal dövründə, həm müharibə dövründə, müharibədən sonra. Əlbəttə ki, bu müraciətlər də məzmunca fərqlənib, çünki fərqli bir situasiyada idik.
İşğal dövründə müraciətim keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər. Onlar iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. Bu barədə bir neçə dəfə danışmışam, yenə də fürsət düşmüşkən deyə bilərəm ki, illər keçdikcə görürdüm onların ümidləri yavaş-yavaş tükənir. İnsanların gözlərindəki o nisgil, o ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq. Deyirdim ki, inanın və onlar da inanırdılar. 17 il, - bu, az müddət deyil, - 17 il gözləyirdilər, mənim sözlərimə inanırdılar və ümumiyyətlə, aparılan işlərə də həmişə dəstək olurdular.
Müharibə dövründəki müraciətlərim də yaxın tarixin hadisələridir, bunu təkrarlamaq istəmirəm. Müharibədən sonrakı dövr, bu, çox yəni çətin dövr idi. Müharibə qədər olmasa da, çox çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi. Onu qəbul etmək istəməyən kifayət qədər qüvvətli dövlətlər, dairələr, ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da ki, yenə Azərbaycanı asılı vəziyyətdə saxlamaq, yəni Azərbaycan ədalətin tam bərpasına nail olmasın deyə müxtəlif fitnələr təşkil etmək. Bütün bunları biz yaxşı xatırlayırıq.
Mənim də müraciətlərim ondan ibarət idi ki, - mən bu barədə artıq dedim, - biz bu müharibədəki Qələbəni gəlin, indi qeyd eləməyək, gəlin, necə deyərlər, daha fəal olaq, çünki hələ görüləsi işlər çoxdur. Bir qrup keçmiş köçkün də bax bu sözlərə yenə də inanıb gözləyirdi ki, o gün gələcək, onlar da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Srağagün mən onların bir qrupu ilə görüşmüşdüm. Həm Qaladərəsi kəndində, həm də Güneyxırman və Quzeyxırman kəndlərində. Demişdim ki, 2020-ci ildə müharibə bitəndə, biz zəfər çalanda bu torpaqlar hələ işğal altında idi. Amma siz inanırdınız ki, gün gələcək, biz bu torpaqlara da qayıdacağıq və o gün gəldi, lazım olan vaxtda.
Müraciətlərim məzmunca fərqli olsa da, deyə bilərəm, onların ana xətti dəyişməz olaraq qalır ki, biz ancaq özümüzə güvənə bilərik. Bu gün mən artıq bu barədə dedim. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, daha uzun illərdən bəri onlardan heç biri, yəni sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında, o vaxt müstəqil olmayan Azərbaycan Respublikasının inkişafında heç bir rol oynamayıb. Biz ümumittifaq büdcəsinə daha çox verirdik, nəinki alırdıq. Cəmi iki respublika var idi. Biz verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı. Sumqayıt şəhəri ekoloji fəlakətə çevrilmişdi. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmışdı, torpaqlarımız da əldən getmişdi.
Birlik heç vaxt sarsılmamalıdır. Bəlkə də bu gün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq da çətindir. Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax, odur bu birlik - həm qəlbən, həm də necə deyərlər, fikir olaraq.
Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün.
Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun.