Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quluzadə Nihat Qasım oğlunun anım günü ilə əlaqədar olaraq Unus kəndində Şəhidin məzarı ziyarət olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Polis şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, hərbçilər, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.
Çıxış edənlər şəhidimizin vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək Nihat Quluzadənin keçdiyi şərəfli ömür yolundan danışıb, onun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər. Həmçinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, şəhidlərimizin əziz xatirəsinin daim hörmətlə yad edilməsi və onların qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.