ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanatda bildirib ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.

Vurğulanıb ki, bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür.

Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Azərbaycan qazı bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın.

Ölkəmizin Prezidenti Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə təşəkkürünü bildirərək deyib ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib.

Qeyd olunub ki, çox tarixi bir dövr yaşayırıq. Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Almaniya hökumətinin də bu sahədə rolu böyükdür.

İlham Əliyev bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.