
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəki çıxışında bildirib ki, Azərbaycan dünyada neftin hasil edildiyi ilk məkan olub. Biz ilk neft buruğunun xatirəsini qoruyub saxlayırıq. Həmin yer buradan çox da uzaqda deyil. Bu, 1846-cı ildə baş verib, hətta Pensilvaniyadan da əvvəl. Əgər həmin vaxt Azərbaycan müstəqil olsaydı, bu gün vəziyyətin necə olacağını təsəvvür edə bilərik. Çünki 1918-ci ildə burada müsəlman dünyasında ilk demokratik respublika yaradılmışdı, lakin cəmi iki il mövcud oldu. Sonra müstəqilliyimiz əlimizdən alındı və biz yenidən böyük bir imperiyanın tərkibinə daxil olduq. Əgər həmin dövrdə müstəqil olsaydıq və öz sərvətlərimizin sahibi ola bilsəydik, bu gün Azərbaycanın necə bir ölkə olacağını təsəvvür edə bilərik.
İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin edirdi. Bu olmasaydı, İkinci Dünya müharibəsinin nəticəsi tamamilə fərqli ola bilərdi. Nasist ordusu nə üçün Qafqaz dağlarına qalxmaq istəyirdi, nə üçün? Sadəcə təlim xatirinəmi? Xeyr. Onlar Bakıya Bakı neftini ələ keçirmək üçün gəlirdilər. Əgər buna nail olsaydılar, sovet ordusunun yanacaq təchizatı tamamilə kəsiləcəkdi və bu, çox ağır nəticələrlə müharibənin taleyini dəyişə bilərdi.
1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə isə tənəzzülə uğramış neft sənayesi, sıfra yaxın qaz hasilatı əldə etdik. Qazı xaricdən alırdıq, enerji qıtlığı var idi, vətəndaş müharibəsi gedirdi, Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı ilə üzləşmişdik. Bu işğal 30 il davam etdi və biz torpaqlarımızı güc yolu ilə azad etdik. Azərbaycan tamamilə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Beləliklə, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə ölkə tamamilə iflasa uğramağın astanasında idi. Lakin ayağa qalxmağı bacardıq və bu gün möhkəm dayanmışıq.
İlham Əliyev vurğulayıb ki, ölkənin, ən azı XX əsr tarixinin özü kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil yaşaya, ləyaqətlə yaşaya, müharibələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər. Onlar ərazi bütövlüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də XX əsrin böyük bir hissəsinin tarixində yeganə belə haldır. Onlar milli maraqlara qətiyyətlə sadiqdirlər. Onlar dünyaya açıqdırlar.
Azərbaycanda çoxsaylı əcnəbi mütəxəssislər yaşayır və çalışırlar. Arzu edirəm ki, qonaqlarımız Bakıda bir müddət qalsınlar və bəlkə də yenidən gəlsinlər. Əlbəttə, onların geri qayıtmasını, bizimlə əməkdaşlıq etməsini və yeni inkişaf yolumuzda bizimlə birgə addımlamalarını istərdik.

