
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində vurğulayıb ki, ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.
Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.
Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.
Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq.
İlham Əliyev bildirib ki, ölkələrimiz digər türk təşkilatları çərçivəsində əməkdaşlığa da böyük əhəmiyyət verir. Özbəkistanın 2025-ci ilin may ayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi əhəmiyyətli və dərin məmnunluq doğuran hadisə oldu. Zəngin tarixi irsə, qədim dövlətçilik ənənələrinə və özünəməxsus mədəni dəyərlərə malik Özbəkistanın bu Fonda qoşulması Türk dünyasının ortaq irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Beləliklə, ölkələrimizin TDT, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir.
Keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edildi. Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir.
Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir.

