
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirib ki, yeni geosiyasi və iqtisadi reallıq ondan ibarətdir ki, bu gün bir çox ölkələr enerji resurslarını əvvəlki kimi əldə edə bilmirlər. Burada yenə də Azərbaycan nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir – xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr. Bunların da istehsalı üçün əsas mənbə enerjidir.
Bu gün xüsusilə neft məhsulları ilə bağlı yaşanan böhran əfsuslar olsun ki, yəqin daha da dərinləşəcək. Çünki bu böhranın iki mənbəyi var, biri bizim Şimalımızda, ikincisi isə Körfəz bölgələrində - Cənubda. Artıq ənənəvi təchizatçılar bəziləri daxili tələbatı ödəmək üçün məcburən ixracı dayandırırlar.
Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, biz istehsal etdiyimiz neft məhsullarını o ölkələrə ixrac edək. Biz isə bütün işləri vaxtında görmüşük. Bizim bu gün potensialımız 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan ölkələr də çox deyil.
Bu “yaşıl gündəlik”lə bütün dünyanı bezdirən aktivistlər də artıq başa düşüblər ki, yəni neftsiz, qazsız, yanacaqsız heç bir iqtisadiyyat inkişaf edə bilməz. COP29 dövründə və onun ərəfəsində bizə qarşı nə qədər əsassız ittihamlar səsləndirilmişdir ki, neft ölkəsində iqlim konfransı keçirilməməlidir. Yaxşı, bəs Kanada bizdən 10 dəfə daha çox neft hasil edir. Orada keçirilə bilər, bizdə keçirilə bilməz?! Yəni yenə də qərəzli yanaşma idi. Amma onu demək istəyirəm ki, bu gün "yaşıl keçid"lə bağlı tezisi ortaya atanlar arasında da artıq ciddi müzakirələr gedir. Yaxşı, qoy almasınlar bizim qazımızı, neftimizi, neft məhsullarımızı. Onların iqtisadiyyatı necə inkişaf edəcək? Ona görə enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq.
Bizim ən böyük neft yatağımız – “Azəri-Çıraq-Günəşli” artıq 30 ildən çoxdur ki, istismardadır və orada təbii düşmə prosesi gedir. Ona görə imzalanmış yeni kontraktlar, o cümlədən bizim xarici ölkələrdə əldə etdiyimiz neft mədənləri bizə təkcə hasilatı sabitləşdirmək üçün yox, artırmaq üçün də imkan verəcək. O cümlədən keçən ay imzalanmış qaz kontraktı da bizə, - təkcə bir kontrakt, - əlavə 5 milyard kubmetr qaz verəcək.
Yəni bu, uzunmüddətli strategiyadır, ölkəmizin önəmi getdikcə daha da artacaq. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək, - bu barədə də çox danışmaq istəmirəm, - sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq.
