ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olmalıdır

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirib ki, bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri.

Qeyd olunub ki, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür. Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib - bu il və keçən il sentyabr aylarında. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur. Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən investisiyalar lazımdır - həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna.

Ona görə bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır. Bax, sentyabrın sonunda keçirilmiş İkinci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumları iştirak edib. Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli, - özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər, - insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər.

Biz uzun illər xarici borcumuzu azalda-azalda gedirdik. Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Onu deyə bilərəm ki, inkişaf etmiş bütün ölkələrdə bu ya 100, ya 110, ya da 120 faizdir. Mən də investisiya forumunda çıxış edərkən bildirdim ki, biz istəsək 24 saat ərzində borcumuzu sıfırlaya bilərik. Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq. İqtisadi inkişafımızın daha da sürətlə getməsi üçün biz investisiya layihələrini daha da fəal icra edəcəyik.

Ona görə iqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir. Baxmayaraq ki, böyük xərclər gedir, - hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, - biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim.