ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində bildirib ki, iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.

Ölkəmizin başçısı vurğulayıb ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.

Qeyd olunub ki, bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.

Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.

2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.

İlham Əliyev bildirib ki, Ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib. Onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir. Bu layihələr arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar.