ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabr ayının 19-da Vyetnam Xəbər Agentliyinə müsahibə verərək bildirib ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri iki ölkə arasındakı dostluğumuzun başlanğıc nöqtəsidir. Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq mütləqdir.

1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi.

Möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirdik. 2014-cü ildə Vyetnama ilk dövlət səfərim baş tutdu. 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana cavab səfəri etdi.

İlham Əliyev vurğulayıb ki, keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.

Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, müvafiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir.

Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir.

Qeyd olunub ki, Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb.

2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub.

Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək.