ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı bir neçə istiqamət üzrə fəaliyyət göstəririk

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəki çıxışında bildirib ki, Azərbaycan təkcə Avropa üçün enerji mənbəyi deyil. İki ildən də az müddət əvvəl biz Özbəkistan və Qazaxıstanla Xəzər dənizinin dibi ilə keçəcək, Mərkəzi Asiyanı əvvəlcə Azərbaycanla, daha sonra isə Avropa ilə birləşdirəcək sualtı elektrik kabel xəttinin çəkilməsi ilə bağlı müqavilə imzalamışıq. Beləliklə, bütün bu işlər həm də böyük həcmdə maliyyələşmə deməkdir.

  Artıq texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələdə olan digər mühüm layihə Qara dəniz kabelidir. Bu kabel də Azərbaycandan Gürcüstana, oradan isə Rumıniyaya uzanacaq. Söhbət yenə yüksəkgəlirli enerji bazarına çıxışı təmin edəcək 4 giqavat gücündə elektrik kabelindən gedir. Enerjisaxlanc sistemləri də mühüm əhəmiyyət daşıyır. Bütün bunlar təkcə bizim üçün deyil, Azərbaycanın beynəlxalq miqyasda daha geniş iştirakının təmin edilməsi baxımından da zəruridir. İnfrastruktur sahəsində əsas diqqət məhz bu istiqamətlərə yönəldilə bilər.

  İlham Əliyev qeyd edib ki, bizim malik olduğumuz bir sıra praktiki üstünlüklər də var. Bunlara ucuz enerjinin əlavə həcmlərinin mövcudluğu, coğrafi mövqeyimiz, - Avropa ilə Asiyanın arasında yerləşməyimiz, - və digər amillər daxildir. Qərbə doğru uzanan fiber-optik kabelimiz var. Bu ilin sonunadək Xəzər dənizinin dibi ilə Azərbaycanı Qazaxıstanla birləşdirən kabeli istifadəyə verəcəyik. Bu da bizim üçün əlavə üstünlükdür.

  Biz qlobal iqtisadiyyatın inkişafının ümumi tendensiyalarına uyğun hərəkət etmək istəyirik. Bunun üçün əlbəttə, qlobal rəqəmsal infrastruktur şirkətləri ilə əməkdaşlıq etməliyik ki. Bu gün kifayət qədər böyük maliyyə resurslarına malik olduğumuz üçün demək olar ki, istənilən texnologiyanı əldə edə bilərik.

  Vurğulanıb ki, Azərbaycanın savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu və təhsil sahəsində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, kadr hazırlığı və potensialın gücləndirilməsi son dərəcə mühüm olacaq. 2003-cü ildə ilk dəfə Prezident seçildikdən dərhal sonra gənclərimizin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul etdik. O vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gəncimiz xaricdə təhsil alıb və onların mütləq əksəriyyəti geri qayıdıb. Beləliklə, bu, satın ala bilməyəcəyimiz bir potensialın formalaşdırılmasıdır.

  Təcrübəyə gəldikdə isə əlbəttə, aparıcı şirkətlərin ən yaxşı təcrübələri və qabaqcıl yanaşmaları bizim üçün çox vacib olacaq. Bu, düzgün istiqamətdə irəliləməyimizə və qeyd etdiyimiz sahələrdə, neft-qaz sektorunda yaratmağa nail olduğumuz mühitə bənzər bir mühit formalaşdırmağımıza imkan verəcək.

  Beləliklə, iqtisadiyyatımız daha da şaxələndiriləcək. Baxmayaraq ki, bu gün ÜDM-ə nəzər salsaq, onun 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Lakin ixracımıza nəzər yetirsəniz, görərsiniz ki, ixracımızın hələ də 90 faizindən çoxu neft və qazın payına düşür. Biz bu göstəricini yaxşılaşdırmalıyıq və ümid edirik ki, bizimlə əməkdaşlıq etmək qərarına gələcək qonaqlarımızın köməyi ilə buna nail olacağıq.