ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir.

Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik.

Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq.

Vurğulanıb ki, bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir. Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər. O cümlədən Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Bizə inam var. Azərbaycan etibarlı tərəfdaşdır. Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil. Ərazisi və əhalisi o qədər də böyük olmayan ölkə üçün müstəqil bir amil kimi dünya miqyasında dayanmaq və hörmət qazanmaq, əlbəttə ki, asan deyil. Ölkəmizin beynəlxalq təşkilatlardakı rolu da danılmazdır. İndi bunu hər kəs yaxşı xatırlayır, BMT-dən sonra ikinci ən böyük təsisata biz 4 il rəhbərlik etmişik, özü də yekdil qərarla seçilmişik. Keçən ilin noyabr ayında artıq çox əlamətdar hadisə baş vermişdi. Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edildi. Biz Mərkəzi Asiyada yerləşmirik, biz Cənubi Qafqazda yerləşirik.