ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bundan sonra da fəal qarşılıqlı fəaliyyət göstərəcəyik

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabr ayının 17-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib. Qəbul zamanı çıxış edən İlham Əliyev bildirib ki, bu yaxınlarda Bişkekdə Kasım-Jomart Kemeleviçlə görüşdük və gələn ay onu yenidən Azərbaycanda gözləyirik. Bundan sonra da fəal qarşılıqlı fəaliyyət göstərəcək, Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə çalışacağıq. Əlbəttə, Qarabağın bərpasına göstərdiyiniz köməyə görə xüsusi təşəkkürümü bildirirəm. 

     İlham Əliyev vurğulayıb ki, dünya miqyasında Azərbaycan – Türkiyə əlaqələrinə oxşar əlaqələr yoxdur. Bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil. Çünki burada bütün amillər birləşir. Həm tarixi əlaqələr, həm mədəni əlaqələrimiz, həm siyasi maraqlarımız, təhlükəsizliklə bağlı olan məsələlər, enerji, nəqliyyat, insanlar arasındakı əlaqələr. Türkiyə-Azərbaycan bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə.

     2021-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzaladığım Şuşa Bəyannaməsi bizim münasibətlərimizin sanki zirvəsidir, tacıdır. Şuşa Bəyannaməsi bizi rəsmən müttəfiq etdi. Artıq o gündən demək olar ki, 5 ildən çox bir vaxt keçir və hər il, hər ay bizim birliyimiz daha da güclənir və dünyadakı apardığımız rol daha da möhkəmlənir.

    Biz hamımız beynəlxalq hüququn üstünlüyünü qəbul edirik və bu gün dünyada beynəlxalq hüquqdan başqa bir mexanizm yoxdur. Ancaq o da həqiqətdir ki, beynəlxalq hüquq bir çox hallarda pozulur və “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Buna qarşı təkbaşına mübarizə aparmaq çox çətindir. Ona görə bizim təşkilatdakı ab-hava, mövqe, təşkilata üzv ölkələrin mövqeyi beynəlxalq hüququn normalarının ali prinsiplər kimi bütün dünya tərəfindən qəbul edilməsi çox önəmlidir. Əminəm ki, siz bu gün bu barədə də danışacaqsınız.

    Qeyd olunub ki, Şavkat Miromonoviç Daşkəndin inkişafına çox böyük diqqət yetirir və əlbəttə, onun təşəbbüsü ilə həyata keçirilən layihə – Yeni Daşkənd. Biz birlikdə orada olduq və mən necə böyük miqyasda şəhərsalma işlərinin aparıldığının şahidi oldum.

    Lakin regionların da tarixi görkəmin və mədəni ənənələrin qorunub saxlanılması ilə yanaşı, eyni dərəcədə sürətlə inkişaf etməsi, müasir infrastrukturun yaradılması Özbəkistanın belə ardıcıl inkişafının parlaq göstəricisidir. Əlbəttə, Daşkənddə universitet binasının qarşısında Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə xüsusi təşəkkürümü bildirirəm. Biz bu abidənin açılışını da birlikdə etdik. Bu, bir daha belə möhkəm tarixi köklərin mövcudluğunu göstərir.

    Bakıda Əlişir Nəvainin abidəsi çoxdan ucaldılıb, indi isə Daşkənddə Nizami Gəncəvinin abidəsi var. Onlar müxtəlif dövrlərdə yaşasalar da, xalqlarımızın böyük nümayəndələridir. Onların arasındakı belə mənəvi bağlılıq və ən əsası, xalqlarımızın tarixində qoyduqları iz sarsılmazdır.

    Ölkəmizin başçısı bildirib ki, İssık-Kula ikinci dəfə səfər etdim. İlk dəfə kifayət qədər uzun müddət əvvəl orada olmuşdum. Əlbəttə, təkcə Qırğızıstanın deyil, hesab edirəm ki, dünyanın da incilərindən biri olan bu məkanın necə sürətlə inkişaf etdiyini görməmək və buna sevinməmək mümkün deyil. Müasir infrastruktur, müasir istirahət zonaları, hotellər, açılışında iştirak etdiyimiz möhtəşəm qolf-klub – bütün bunlar onu göstərir ki, Qırğızıstanın hazırkı rəhbərliyi öz köklərinə çox möhkəm bağlıdır və belə deyim, Sadır Nurqojoyeviçdən əvvəl itirilmiş imkanların bərpası üçün çox böyük işlər görür.

    Ölkənin necə inkişaf etməsi, tədbirlərin necə təşkil olunması, – çünki Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlər ən yüksək səviyyədə təşkil olunmuş ən böyük beynəlxalq tədbirlərdir, – bütün bunlar həm tədbirlərin keçirildiyi məkan, həm iştirakçıların yerləşdirilməsi, həm təşkilati məsələlər, həm də yeni stadionda nümayiş etdirilən möhtəşəm təqdimat baxımından yüksək səviyyədə təşkil olunub və bütün bunlar böyük xərclər tələb edir. Bu isə o deməkdir ki, iqtisadiyyat işləməlidir. Əks halda heç bir layihəni həyata keçirmək mümkün deyil. Ona görə də Sizi, bütün qardaş Qırğızıstan xalqını bir daha təbrik etmək istərdim.

    Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. Bütün bunlar bizim əlimizdədir. Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir. Buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən haqqında danışdığımız kimi beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır.