
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhidlik zirvəsinə uclan Nəbiyev Qurban Cavad oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Ordubad rayonunun Dəstə kəndində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, kənd ictimaiyyəti, eləcə də Dəstə kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunaraq üzərinə tər güllər düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər şəhid Qurban Nəbiyevin keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaət və fədakarlıqlardan bəhs ediblər. Vurğulanıb ki, Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canından keçən hər bir qəhrəman vətən övladının xatirəsi dövlətimiz tərəfindən daim uca tutulur, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
Sonda məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.






