
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxış edərək bildirmişdir ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir səna\ye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Qeyd olunub ki, son vaxtlar qəbul edilmiş bütün dövlət proqramları çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır.
Proqram 2030-cu ilin sonuna qədər icra edilməlidir. Bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib. Bu layihələrin icrası bu gün də davam edir. Çünki əhali artır, məşğulluq artır, iqtisadiyyat artır. Ona görə bu proqramlar statik vəziyyətdə deyil, daim o proqramlara əlavələr edilməlidir və bu gün dövlət investisiya proqramlarında, hər il qəbul etdiyimiz proqramlarda bölgələrin inkişafı xüsusi yer tutur.
Ölkəmizin başçısı vurğulayıb ki, bu gün Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib. Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk, göstərəcəyik. Təbii ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.
Təbii ki, digər infrastruktur layihələri də uğurla icra edilib və edilir, o cümlədən sosial infrastrukturla bağlı layihələr – xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları. Ona görə qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri şərtləndirir. Təbii ki, maliyyə sistemimizdə aparılan islahatlar, o cümlədən vergi və gömrük sistemində aparılan islahatlar, inzibatçılıqla bağlı bürokratik əngəllərin azaldılması və ləğv edilməsi ilə bağlı atılan addımlar, əlbəttə, belə bir müsbət mənzərə yaratmışdır.
Ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur. Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək.







