Ordubad rayonunun Dırnıs kəndində şəhid Həsənov Fariz Sabir oğlunun məzarı ziyarət olunub, xatirəsi dərin hörmət və ehtiramla yad edilib, anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və kənd ictimaiyyəti iştirak ediblər.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolundan bəhs olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Tədbirin sonununda din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.