ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dırnıs kəndində şəhid Xudayarov Elnur Rza oğlunun anım günü qeyd olunub

Dırnıs kəndində şəhid Xudayarov Elnur Rza oğlunun anım günü qeyd olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali məclisinin deputatı Ramil Nəbiyev, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, icra hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dırnıs kənd Şəhidlər Xiyabanında keçirilən tədbirdə ilk öncə şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub, tədbir iştirakçılarının çıxışları dinlənilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev çıxışında şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən bəhs edib. O bildirib ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını heç vaxt unutmur. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə diqqət və qayğı göstərilməsi dövlətimizin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindəndir. Nurlan Hacıyev şəhidlərin qəhrəmanlıq yolunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Digər çıxış edənlər də şəhid Xudayarov Elnur Rza oğlunun vətənpərvərliyindən, şəhidlərimizin xalqımızın azadlığı və təhlükəsizliyi naminə göstərdikləri fədakarlıqdan bəhs ediblər. Qeyd olunub ki, şəhidlərimizin xatirəsinin yaşadılması, onların həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Məktəblilər tərəfindən Vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirilib.
Sonda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.