
Düylün kəndində şəhid Hüseynov Mətin Ramiz oğlunun anım günü keçirilib. Anım tədbirində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Yeni Azərbaycan Partiyası Ordubad rayon Təşkilatının sədri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə şəhidimizin məzarı üzərinə gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub, tədbir iştirakçılarının çıxışları dinlənilib.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev qeyd edib ki, şəhid Mətin Hüseynovun timsalında bütün şəhidlərimizin Vətən qarşısında göstərdikləri qəhrəmanlıq və fədakarlıq heç vaxt unudulmayacaq. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə diqqət və qayğı göstərilməsi hər birimizin mənəvi borcudur.
Daha sonra şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və hərbçilər çıxış edərək Mətin Hüseynovun əziz xatirəsini ehtiramla yad edib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlərimizin göstərdikləri qəhrəmanlıqdan danışıblar. Məktəblilərin ifasında Vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirdən sonra Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Düylün kəndində dəfn olunmuş digər şəhidlərin məzarlarını və kənd mərkəzində yerləşən Şəhidlər Abidəsini ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib.


















