ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Düylün kəndində şəhid Mətin Hüseynovun xatirəsi yad edilib

20 oktyabr 2026-cı il tarixində Düylün kəndində şəhid Hüseynov Mətin Ramiz oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla yad olunub.

       Anım mərasimində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

       Tədbirdə şəhidimizin məzarı üzərinə gül dəstələri düzülüb, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub, tədbir iştirakçılarının çıxışları dinlənilib.

       Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev qeyd edib ki, şəhidlərimizin Vətən qarşısında göstərdikləri qəhrəmanlıq və fədakarlıq heç vaxt unudulmayacaq. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə diqqət və qayğı göstərilməsi hər birimizin mənəvi borcudur.

       Daha sonra şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və hərbçilər çıxış edərək Mətin Hüseynovun əziz xatirəsini ehtiramla yad edib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlərimizin göstərdikləri qəhrəmanlıqdan danışıblar. Məktəblilərin ifasında Vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirilib.

       Tədbirdən sonra Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Düylün kəndində dəfn olunmuş digər şəhidlərin məzarlarını və kənd mərkəzində yerləşən Şəhidlər Abidəsini ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib. Qeyd olunub ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlıq yolu gələcək nəsillər üçün örnək olacaqdır.