ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Erkən nikah və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

         “Uşaq Hüquqları Aylığı” çərçivəsində Gənzə kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nikah və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

        Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Gənzə kənd tam orta məktəbinin direktoru Ülfət Salehzadə tədbirin mahiyyəti barədə danışmış, bu cür maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, həmçinin yeniyetmələr arasında hüquqi biliklərin artırılmasının, erkən və qan qohumluğu nikahlarının qarşısının alınması istiqamətində məlumatlılığın gücləndirilməsinin və sağlam həyat tərzinin təşviq edilməsinin vacibliyini qeyd etmişdir.

       Ordubad Rayon İcra Hakimiyyəti başçısının aparatında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Abbas Məmmədli “Uşaq hüquqları”, Komissiyanın məsləhətçi psixoloqu Qiymət Hacıyeva isə “Erkən nikah və qan qohumluğu nikahlarının fəsadları” mövzularında çıxış etmişlər.

       Çıxışlarda erkən nikahların yeniyetmələrin fiziki və psixoloji sağlamlığına, təhsil hüququna və gələcək həyatına mənfi təsirləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, qan qohumluğu nikahlarının gələcək nəsillərin sağlamlığı üçün yarada biləcəyi risklər diqqətə çatdırılmış, sağlam ailənin formalaşmasında düzgün seçimlərin və məsuliyyətli yanaşmanın əhəmiyyəti vurğulanmışdır.

       Çıxışlar zamanı şagirdlərə öz hüquqlarını bilməyin, təhsillərini davam etdirməyin və gələcəkləri ilə bağlı düzgün qərarlar verməyin vacibliyi izah edilmişdir. Mövzu ətrafında aparılan müzakirələr zamanı iştirakçıların sualları cavablandırılmış, onları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.