Ordubad Rayon İcra Hakimiyyətinin, Ordubad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” mövzusunda Ordubad şəhər 3 №-li tam orta məktəbinin X-XI sinif şagirdləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Qiymət Hacıyeva və Ordubad Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Səba Əsgərxanlı tərəfindən gənclərə müvafiq məsləhətlər verilərək onlara sağlam gələcək, düzgün ailə modeli və hər bir gəncin həyatda öz yerini tapması üçün vacib olan nüanslar aşılanıb. Ailə dəyərlərinin vacibliyi, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat verilib.
Həmçinin Azərbaycan Respublikasında qəbul olunmuş normativ-hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyi qeyd edilib. Eyni zamanda müvafiq qanunvericilikdə nəzərdə tutulan tədbirlər haqqında ətraflı danışılaraq erkən nikah və qan qohumluğunun müasir cəmiyyətdə ailə dəyərlərinə xələl gətirən, ailə sağlamlığını və sosial sabitliyi birbaşa təhdid edən ən ciddi problemlərdən olduğu vurğulanıb. Həm erkən yaşda qurulan evliliklərin, həm də yaxın qohumlar arasında bağlanan nikahların fərdin, ailənin və bütövlükdə cəmiyyətin inkişafına zərər verdiyi bildirilib.
Mövzu ilə bağlı hazırlanmış fotoslayd nümayiş olunub.