Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan Hüseynov Ceyhun Tahir oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Şəhidimizin dəfn olunduğu Gənzə kənd qəbiristanlığında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kolletivi, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb və çıxışlar dinlənilib. Çıxış edənlər şəhid Hüseynov Ceyhun Tahir oğlunun Vətənə sədaqətindən, göstərdiyi igidlik və şücaətdən bəhs edərək, onun həyat yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıblar. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, müstəqilliyimizin qorunması, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb.
Tədbirin sonunda məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.