
Gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Həm Azərbaycanın əsas hissəsində, həm Xəzər dənizində, eyni zamanda, bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə artıq konkret layihələrə start verildi. Bəziləri artıq istismara da verilmişdir, bəziləri icra edilir. O cümlədən Naxçıvan Muxtar Respublikasının Günəş potensialını və xüsusilə su potensialını nəzərə alaraq burada daha böyük işlər də görüləcəkdir. Gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Bu stansiyanın davam etdirilməsi üçün də biz vəsait ayıracağıq. Yerli investorlar qeyd etdiyim kimi, 50 meqavatlıq Günəş elektrik stansiyaları inşa edirlər. Xarici investorlar da maraq göstərir.Təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər. Ola bilər 1000 meqavat da olsun. Burada əsas məsələ bunun ixrac imkanlarıdır. Bunun üçün, əlbəttə ki, aidiyyəti ölkələrin qurumları ilə danışıqlar aparılmalıdır və aparılır. Eyni zamanda, ötürücü xətlərin imkanlarını genişləndirməliyik. Çünki təbii ki, bu gün həm İrana, həm Türkiyəyə Naxçıvandan da elektrik xətləri var, ancaq onların imkanı bir qədər məhduddur. Yəni 500 meqavat, hətta 1000 meqavat elektrik enerjisini ixrac etmək üçün burada təbii ki, hələlik iki istiqamət var: biri Türkiyə, biri İran. Amma gələcəkdə bu, Avropa da ola bilər. Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilib.