
Prezident İlham Əliyevin təşəbbüsü ilə salınmış Hərbi Qənimətlər Parkının açılışı 2021-ci il 12 aprel tarixində olub. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdır. Sərəncamdan dərhal sonra Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.
2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirilib. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
2025-ci ilin noyabrın 8-də Zəfər muzeyinin açılışı olmuşdur. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”. Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.



.jpg)
.jpg)