
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik. Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir - həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim bizi yolumuzdan döndərə bilmədi.
Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəhbərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın.
Biz bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində biz bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik. Həm siyasi müstəvidə ki, bizə qarşı olan ermənipərəst ölkələr öz çirkin əməllərinə nail olmasınlar, beynəlxalq təşkilatlarda çox ciddi beynəlxalq maarifləndirmə kampaniyası aparmışdıq və torpaqda. Həm Qarabağ bölgəsində öz strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırdıq və bir neçə uğurlu hərbi əməliyyat keçirilmişdir. 2022-ci ilin oktyabrında Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıdı və beləliklə, özü bəlkə də bilməyərək etiraf etdi ki, o vaxt Qarabağda yerləşən erməni silahlı birləşmələri işğalçı qüvvələrdir. Ondan sonra o bölgəni tam nəzarətə götürmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və tərk-silah etmək üçün artıq hüquqi zəmin daha da möhkəmləndi. Halbuki bu, həmişə var idi. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Ancaq biz hamımız onu da bilirik ki, sözdə bir şey deyilir, amma arxa qapılar arasında başqa şeylər edilir. Ona görə biz bu riyakarlıqla 30 il üz-üzə qalmışdıq, amma bu riyakarlığa Azərbaycan əsgərinin yumruğu son qoymuşdur.
