ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İkitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata bəyanatla çıxış edərək bildirib ki, hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir. Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik.

Qeyd olunub ki, ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır.

Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir.

Ölkəmizin başçısı vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir.

İkitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir.

Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur.

İlham Əliyev bildirib ki, irəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Layihələr təkcə Bakı və Daşkənddə deyil, həmçinin digər bölgələrdə də həyata keçirilir. Dünən keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik maraq doğurur. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdə biri layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlara investisiya deməkdir. İnvestisiyalar isə bir qayda olaraq, dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırılır.

Ölkəmizin başçısı Şavkat Miromonoviçi Azərbaycana dövlət səfərinə dəvət edərək bildirib ki, bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq.