ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

May ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən İlham Əliyev bildirib ki, hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.

Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilir.

Ölkəmizin Prezidenti vurğulayıb ki, bütün bunlara baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.

Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.

Elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf Proqramının və proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır.

Qeyd olunub ki, regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. 4 mindən çox məktəbimiz var ki, onların təqribən 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək.

Torpaqlardan səmərəli istifadə məsələsində məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb.

Hər bir əkin üçün yararlı torpaq sahəsinin öz pasportu olmalıdır. Orada hansı məhsul yetişdirilərsə fermer daha çox qazanc götürəcək. izim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac təbii ki, bazarlara bağlıdır. Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Yəni bu, çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır.

İlham Əliyev bildirib ki, son 20 il ərzində biz faktiki olaraq öz texnika parkımızı tamamilə yenidən formalaşdırdıq. Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur və burada da dövlət fermerlər üçün kifayət qədər qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən indi biz özümüz də kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq.

Biz indi Karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu, cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır. Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik.

Kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələr, treninqlər, bu, artıq uzun illərdir davam edir. Maarifləndirmə prosesi və sığorta məsələləri. Yəni bütün bunları biz daha da təkmil şəkildə həyata keçirməliyik.

Biz kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı. Burada da onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır.

Susuz kənd təsərrüfatının inkişafı mümkün deyil. Bu sahədə də bir çox önəmli layihələr icra edildi. Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək.

Şirvan kanalının tikintisinə biz beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadəyə veriləcək. Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq.

Ölkəmizin Prezidenti çıxışının sonunda hökumətə tapşırıq verib ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.