Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Ordubad Rayon İcra Hakimiyyətində keçirilən maarifləndirici tədbirdə rayon İcra Hakimiyyətinin, Prokurorluğunun, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və digər aidiyyəti şəxslər iştirak ediblər.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Emin Mehbalıyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Turqay Məhərrəmov, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Ceyhun İbrahimov çıxış edərək kiber cinayətkarlığın növləri, bu sahədə rast gəlinən risklər, vətəndaşların qarşılaşa biləcəyi dələduzluq halları, kibertəhlükəsizlik qaydaları və onlardan qorunma üsulları barədə ətraflı məlumat veriblər. Mövzu slayd təqdimatları vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib, iștirakçıları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.



