
Artıq ölkəmizin digər regionları kimi, Laçın rayonu da inkişaf və çiçəklənmə dövrünü yaşayır. Əhalinin elektrik enerjisinə olan təlabatını ödəmək üçün ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.
Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır.
2023-cü ilin avqust ayının 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olub.
Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.
Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Burada yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. 2023-cü ilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb ki, bu da Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatıdır.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub. Təməli 2025-ci ildə qoyulan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməli qoyulub. Layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. “Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.
Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib;
Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Eyni zamanda, kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib. Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilir;
Tamamilə yenidən tikilərək istifadəyə verilən və 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.
Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır. Bəylik kəndində klub-icma mərkəzində rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır. Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.







.jpg)