ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Məişət zorakılığı və onun qarşısının alınması” mövzusunda təlim keçirilib

     16 aprel 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad rayonunda “Məişət zorakılığı və onun qarşısının alınması” mövzusunda təlim keçirilib.

       Təlimdən əvvəl Ümummilli Lider Heydər Əliyev, akademik Zərifə xanım  Əliyeva və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Təlimdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli,     Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək məişət zorakılığının qarşısının alınması istiqamətində görülməsi vacib olan tədbirlərdən danışıblar. Bildirilib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununda edilən dəyişikliklərlə bağlı yeniliklər mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin əsas məqsədi zərərçəkmiş şəxslərin hüquqlarının daha effektiv qorunması və qabaqlayıcı mexanizmlərin gücləndirilməsidir.

     Qeyd edilib ki, ailə mühitində baş verən zorakılıq halları yalnız fərdi ailə çərçivəsində məhdudlaşmır, eyni zamanda cəmiyyətin ümumi sosial təhlükəsizlik sisteminə mənfi təsir göstərən kompleks sosial problem kimi çıxış edir. Bu kontekstdə, milli-mənəvi dəyərlərin gənc nəsil arasında sistemli şəkildə təşviqi və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi aktuallıq kəsb edir.

     Daha sonra təqdimatla ətraflı çıxış edən “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin İdarə Heyətinin sədri Esmira Tağıyeva bildirib ki, zorakılığın bütün formaları insan hüquqlarının pozulması kimi qiymətləndirilməli və ona qarşı vahid yanaşma tətbiq olunmalıdır. Qeyd edilib ki, ictimai təhlükə yaradan bu kimi hallarla mübarizədə qurumlararası əməkdaşlıq mühüm rol oynayır. Həmçinin vurğulanıb ki, uşaqlar və gələcək nəsillər zorakılığın səssiz qurbanlarıdır və bu problemin görünməyən tərəfləri də xüsusi diqqət tələb edir. Belə tədbirlər mövzunun aktual saxlanmasına və praktik addımların müəyyənləşdirilməsinə imkan yaradır.

    Təlim diskussiya şəklində davam edib, mövzu ətrafında müzakirələr aparılıb, məişət zorakılığının qarşısının alınması ilə bağlı yerlərdə profilaktik işlərin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.