ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana etdiyi işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də mətbuata bəyanatla çıxış ediblər.
İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu Volodimir Zelenski ilə son dörd il ərzində yeddinci görüşdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir.
Ölkəmizin Prezidenti vurğulayıb ki, Volodimir Zelenski Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmişdir. Şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. 2022-ci ilin yanvarında Kiyevə səfərim zamanı apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.
2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Qeyd olunub ki, keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.
Çıxış zamanı bildirilib ki, müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək vacibdir. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Həmçinin çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.
İlham Əliyev bildirib ki, görüşdə hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.
Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.