
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuş, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün işğal dövrü ərzində dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olmuşdur. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratmışdır. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb olmuşdur. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır.