ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub

Oktyabr ayının 27-də Bakı şəhərində keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Birgə foto çəkdirildikdən sonra Forumun açılış mərasimində çıxış edən Azərbaycan dövlətinin başçısı İlham Əliyev bildirib ki, qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq. Bizim təşəbbüsümüzlə hələ 2011-ci ildə təşkil olunmuş ilk forumu çox yaxşı xatırlayıram. Biz həmin təşəbbüsə dəstək vermiş, həmçinin bu illər ərzində bizimlə olmuş tərəfdaşlarımıza və ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına çox minnətdarıq. Həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir.

Təbii ki, iki ildən bir keçirilən hər Forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik. Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular. Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir.

Vurğulanıb ki, Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq. Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq. Həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik. Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik.

Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik. Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır.

İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir.

Azərbaycanda 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik. Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırmışdır.