
Müzəffər Ali Baş Komandan İlham Əliyev 16 avqust 2021-ci il tarixində Kəlbəcərə səfəri zamanı Ömər aşırımı, Murovdağda inşa edilən tunelin tikinti sahəsi, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası və “Kəlbəcər” yarımstansiyası ilə tanış olmuşdur. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikilən tunelin təməlini qoymuş, arıçılarla görüşmüş, Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltmış, hərbi hissədə yaradılmış şəraitlə tanış olmuş, dağıdılmış “İstisu” sanatoriyasına və İstisu-Minkənd avtomobil yoluna baxış keçirmişdir.
26 iyun 2022-ci il tarixindəki səfəri zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və rayon ərazisindəki hərbi hissənin açılışında iştirak etmiş, Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə tanış olmuşdur. Kəlbəcər şəhərinin Baş planına baxmış, İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və sanatoriyasının təməlqoyma mərasimlərində iştirak etmiş, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında aparılan işlərlə tanış olmuşdur.
27 may 2023-cü il tarixində İlham Əliyev Yanşaq və Zallar kəndlərinin təməlini qoymuş, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik Stansiyalarının açılışında iştirak etmişdir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellərə və Kəlbəcər-Laçın yolunda görülən işlərə baxmış, hərbi hospitalın açılışında iştirak etmişdir. Həmçinin Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb binasının təməlini qoymuşdur.
25 avqust 2023-cü il tarixindəki səfəri zamanı “Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyalarının açılışında iştirak etmiş, “İstisu” mineral sudoldurma zavodunun tikintisi və Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olmuş, Zar kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.
7 noyabr 2023-cü ildə Kəlbəcər rayonunun Vəngli kəndinə baxış keçirmişdir.
2 sentyabr 2024-cü il tarixində İlham Əliyev Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak etmiş, Xudavəng monastır kompleksinə baxış keçirmişdir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, 4-cü tunel və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olmuşdur. Kəlbəcər şəhərində 2-ci yaşayış kompleksinin, inzibati binanın və İstisu qəsəbəsinin təməlini qoymuş, 524 ailəlik yaşayış kompleksinin tikintisinə, Təhsil Kompleksində görülən işlərə və modul tipli məktəbin layihəsinə baxmışdır. Həmçinin “İstisu” mineral su zavodunun, “Zar” Kiçik Su Elektrik Stansiyasının, Göygöl rayonundakı “Toğanalı” Kiçik Su Elektrik Stansiyasının və “İstisu” yarımstansiyasının açılışlarında iştirak etmiş, Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur.
21 avqust 2025-ci il tarixindəki səfəri zamanı Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olmuş, Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, şəhər parkının təməlini qoymuşdur. “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak etmiş, şəhər sakinləri ilə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim etmişdir. Səfər çərçivəsində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” Kiçik Su Elektrik Stansiyalarının da açılışını etmişdir. 



