
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Qubadlı rayonuna səfərləri bölgənin bərpası, yenidən qurulması və sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər çərçivəsində Qubadlıda infrastruktur layihələrinin təməli qoyulmuş, yaşayış məntəqələrinin bərpasına başlanılmış, enerji, nəqliyyat, təhsil və turizm sahələrində mühüm layihələr həyata keçirilmişdir. Dövlət başçısının səfərləri doğma yurdlarına qayıdan və qayıdacaq sakinlər üçün müasir yaşayış şəraitinin yaradılmasına, Böyük Qayıdış prosesinin sürətləndirilməsinə və rayonun dayanıqlı inkişafına xidmət edir
Prezident İlham Əliyev 23 dekabr 2020-ci ildə Qubadlıya səfəri zamanı Azərbaycan bayrağını ucaltmışdır.
2021-ci ilin oktyabr ayının 25-də Prezident İlham Əliyev Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, sistem əhəmiyyətli 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasının açılışında iştirak edib.
2022-ci ilin oktyabr ayının 19-da “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq olub, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
2023-cü ilin may ayının 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagirdin təhsil alacağı tam orta məktəb binasının, 91 yataqlıq Mərkəzi Xəstəxana binasının, Mahruzlu kəndinin təməlqoyma mərasimi; Zilanlı kəndinin təməlqoyma mərasimlərində iştirak edib.


