ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

Avqust ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bildirib ki, artıq 17-ci dəfədir ki, Naxçıvana səfər edir və hər səfərin də böyük mənası və gözəl nəticələri vardır. Naxçıvan Muxtar Respublikası günü gündən hərtərəfli inkişaf edir. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu. Naxçıvanın ümumi inkişafı təmin edilib. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.

 Naxçıvan Muxtar Respublikasının müdafiəsi əsas istiqamətlərdən biridir. Bu istiqamətdə də böyük işlər görüldü. Keçirilən tədbirdə bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə ordu, birinci şərtdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.

Ölkəmizin başçısı bildirib ki, bütün sahələrlə yanaşı vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işlər əsasdır. Bu baxımdan da bu gün təməli qoyulan Naxçıvan Sənaye Parkı ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Digər bir sahə elektrik stansiyası inşası olacaq ki,  bu da Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir. Bu sahədə inkişafın nəticəsi olaraq qeyd edə bilərik ki, Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın. Naxçıvanı mübadilə yolu ilə 100 faiz qazla təmin edirik.

Naxçıvanda bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Yəni enerji təhlükəsizliyi fiziki təhlükəsizlikdən sonra ikinci vacib amildir. Bu gün həm 300 meqavat gücündə istilik elektrik stansiyasının təməli qoyuldu və 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə yerində tanış oldum. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edildi və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək.

Amma biz gələcəyə baxmalıyıq. Naxçıvanın sürətli inkişafı davam etdiriləcək, o cümlədən Dövlət Proqramının icrası nəticəsində. Bu Proqram da mənim Sərəncamımla qəbul edilmişdir. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulub.