ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Nurlan Hacıyev Biləv kəndində növbəti səyyar qəbulu keçirdi

          Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev vətəndaş müraciətlərinin yerində öyrənilməsi və onların operativ həlli məqsədilə növbəti səyyar qəbulunu Biləv kəndində keçirib. Qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

         Qəbul zamanı çıxış edən Nurlan Hacıyev, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, Ordubad rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. Həmçinin Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində Ordubad rayonunda həyata keçirilməsi nəzərdə tutulan mühüm infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, Sərəncam çərçivəsində rayonun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi planlaşdırılır. Bununla yanaşı, Ordubad şəhərində yaşayış binalarında istilik qazanxanalarının, yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur. Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində də mühüm işlərin görülməsi planlaşdırılır. Belə ki, Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz avtomobil yollarının təmiri həyata keçiriləcək.

        Qeyd edilib ki, rayonun yaşayış məntəqələrində keçirilən səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunmasına, onların problem və təkliflərinin yerində öyrənilməsinə, eləcə də dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

       Qəbul zamanı Biləv kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən yol infrastrukturu, məşğulluq, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yenidən ölçülməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Bir sıra məsələlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.