ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Nurlan Hacıyev Dəstə kəndində səyyar vətəndaş qəbulu keçirib

      Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Dəstə kəndində sakinlərlə səyyar vətəndaş qəbulu keçirib. Qəbulda İcra Hakimiyyətinin, eləcə də Ordubad rayonunda fəaliyyət göstərən təşkilatların məsul əməkdaşları, o cümlədən kənd sakinləri iştirak ediblər.

      İcra başçısı çıxışında Dəstə kəndinin gələcək inkişaf perspektivləri, əhalinin sosial rifahının yaxşılaşdırılması və infrastrukturun müasirləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirilib ki, kəndin su təminatının yaxşılaşdırılması, kənd ərazisində uşaq bağçası-körpələr evinin tikintisi, nasos stansiyalarının təmiri və yenilənməsi, elektrik şəbəkələrinin müasir infrastrukturla əvəz olunması, eləcə də kənddaxili avtomobil yollarının təmiri qarşıda duran əsas layihələr sırasındadır. Çıxış zamanı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2026-cı il tarixli 942 nömrəli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən irəli gələrək Ordubad rayonu üçün də yaratdığı imkanlardan, görüləcək işlərdən bəhs olunub. Qeyd edilib ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi rayonun su təsərrüfatı infrastrukturunun yenilənməsinə, əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının Naxçıvan Muxtar Respublikasının, o cümlədən Ordubad rayonunun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, bu layihə bölgənin tranzit və logistika imkanlarının genişlənməsinə, iqtisadi fəallığın artmasına, yeni investisiyaların cəlb edilməsinə, sahibkarlığın və turizmin inkişafına, eləcə də yeni iş yerlərinin yaradılmasına geniş imkanlar açacaq.

      Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Sakinlər tərəfindən məşğulluq, su təminatının yaxşılaşdırılması, bağçılığın inkişafı, ünvanlı dövlət sosial yardımının təyin olunması, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə kənd ərazisində idman qurğularının quraşdırılması və digər məsələlərlə bağlı təklif və müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

    Vətəndaşlarla yerlərdə keçirilən səyyar qəbulların əhalinin müraciətlərinin birbaşa dinlənilməsi, mövcud problemlərin yerində araşdırılması və həlli baxımından əhəmiyyəti vurğulanıb.