Vətəndaş məmnuniyyətinin təmin edilməsi, müraciətlərin yerində dinlənilməsi və operativ həlli məqsədilə Ordubad rayonunda həyata keçirilən səyyar qəbulların davamı olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Gilançay kəndində vətəndaşlarla görüşərək onların müraciət və təkliflərini dinləyib. Qəbulda Rayon İcra Hakimiyyətinin əməkdaşları, aidiyyəti dövlət qurumlarının və xidmət sahələrinin rəhbərləri, Gilançay kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Nurlan Hacıyev çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəlmiş tədbirlər, Ordubad rayonunda həyata keçirilən layihələr və qarşıdakı dövrdə görülməsi nəzərdə tutulan işlər barədə sakinləri məlumatlandırıb.
Çıxışda Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn və Ordubad rayonunu əhatə edən layihələrə də toxunulub. Bildirilib ki, sənəddə rayonun infrastrukturunun inkişafına mühüm töhfə verəcək bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, Tivi kəndində Gilançay üzərində inşa olunan ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi planlaşdırılır. Sözügedən layihənin reallaşdırılması rayonun enerji imkanlarının genişləndirilməsinə və enerji resurslarından daha səmərəli istifadəyə şərait yaradacaq. Sərəncam çərçivəsində Ordubad şəhərində yaşayış binalarının əsaslı təmiri, eləcə də binaların istilik qazanxanalarının köçürülməsi də nəzərdə tutulan tədbirlər sırasındadır. Görüşdə rayonun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı planlaşdırılan işlər barədə də məlumat verilib. Qeyd edilib ki, Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz istiqamətində yerləşən avtomobil yollarının təmiri həyata keçiriləcək. Bu işlərin yol infrastrukturunun yenilənməsinə və yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına xidmət etməsi gözlənilir.
Bununla yanaşı, su təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər də diqqətə çatdırılıb. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” əsasında rayonun yaşayış məntəqələrində su infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlər aparılacaq. Tədbirlər çərçivəsində Gilançay kəndinin də su infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulur.
Qəbul zamanı kənd sakinləri tərəfindən torpaq sahəsi ilə təmin olunma, artezian quyusunun qazılması, əkin sahələrinə suvarma suyunun verilməsi, səhiyyə və digər məsələlərlə bağlı müraciət və təkliflər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Həlli müəyyən vaxt tələb edən məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya, vətəndaşların problem və təkliflərinin yerlərdə dinlənilməsi, həlli istiqamətində atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.