Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların operativ və obyektiv araşdırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev tərəfindən rayonun ucqar yaşayış məntəqələrindən olan Tivi kəndində səyyar qəbul keçirilib. Müraciətlərin yerində araşdırılması və mövcud çətinliklərin birbaşa həlli məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və vətəndaşlar iştirak ediblər.
Görüş zamanı Nurlan Hacıyev ilk öncə 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin əhəmiyyətindən, Azərbaycan Ordusunun göstərdiyi qəhramanlıqdan, xalqımızın birliyindən bəhs edib. Vurğulayıb ki, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq arenada artan nüfuzu ilə yanaşı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, regionların dayanıqlı inkişafına yönəlmiş dövlət proqramlarının icrası və əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər daha geniş vüsət almışdır. Ölkə başçısının xüsusi diqqəti ilə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda genişmiqyaslı quruculuq işləri aparılır.
Nurlan Hacıyev Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində Ordubad rayonunda həyata keçirilməsi nəzərdə tutulan mühüm infrastruktur layihələri barədə məlumat verərək Sərəncam çərçivəsində rayonun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdiriləcəyini, Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz avtomobil yollarının təmirinin həyata keçiriləcəyini bildirib. Vurğulayıb ki, rayonun yaşayış məntəqələrində keçirilən səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunmasına, onların problem və təkliflərinin yerində öyrənilməsinə, eləcə də dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etməklə bərabar ortaya çıxan yeni təkliflərin dəyərləndirilməsinə də şərait yaradır.
Daha sonra sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən məşğulluq, kənd daxili yolların təmir olunması, torpaq sahəsinin təyinatı üzrə istifadə olunması, elektrik, rabitə, qaz xəttində təmir işlərinin aparılması, məşğulluq imkanlarının genişləndirilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Bir sıra məsələlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Daha sonra icra başçısı qəbulda iştirak edən idarə, müəssisə və təşkilatların əməkdaşları ilə birgə Tivi kəndində yerləşən Şəhidlər Abidəsi, Şəhid məzarını ziyarət edib, vətəndaşların müraciətlərinə uyğun olaraq Biləv, Behrud və Dəstə kəndlərində ərazilərə yerində baxış keçirərək aidiyyatı qurumlara mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.

