Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların operativ və obyektiv araşdırılması, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev tərəfindən Dırnıs kəndində səyyar qəbul keçirilib. Müraciətlərin yerində araşdırılması və mövcud çətinliklərin birbaşa həlli məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Görüş zamanı Nurlan Hacıyev vurğulayıb ki, ölkə başçısının xüsusi diqqəti ilə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda genişmiqyaslı quruculuq işləri aparılır. Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, regionların dayanıqlı inkişafına yönəlmiş dövlət proqramlarının icrası və əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd edilib ki, rayonun yaşayış məntəqələrində keçirilən səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunmasına, onların problem və təkliflərinin yerində öyrənilməsinə, eləcə də dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən məşğulluq, içməli su təminatının yaxşılaşdırılması, kənd ərazisində istifadə olunan kafe-çay evində tikinti işlərinin aparılması, torpaq sahəsinin koordinatlarının təyin olunması, elektrik təchizatının yerinin dəyişdirilməsi, su infrastrukturunun yaxşılaşdırılması, qaz xəttində təmir işlərinin aparılması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Bir sıra məsələlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Daha sonra Nurlan Hacıyev qəbulda iştirak edən idarə, müəssisə və təşkilatların əməkdaşları ilə birgə Dırnıs kəndində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin xatirəsini yad ediblər.
İcra Hakimiyyəti başçısı tərəfindən Dırnıs kəndində şəhid Quliyev Azər Məhərrəm oğlunun ailə üzvləri ziyarət olunaraq ailəyə dövlətimizin diqqət və qayğısı, mənəvi dəstəyi ifadə edilib.