ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Nurlan Hacıyev Vənənd kəndində səyyar vətəndaş qəbulu keçirib

    Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Vənənd kəndində sakinlərlə növbəti vətəndaş qəbulu keçirib. Qəbulda rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

       Görüş zamanı sakinlərin müraciətləri və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

       İcra başçısı çıxışında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2026-cı il tarixli 942 nömrəli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” nda nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən, bu sənədin Ordubad rayonunda su təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində yaradacağı imkanlardan və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlərdən bəhs edib. Bununla yanaşı, Ordubad şəhərinin, Tivi, Bist, Ələhi, Xurs, Nürgüt və Nəsirvaz kəndlərinin avtomobil yollarının təmiri, Dəstə kəndində daxili yolların asfaltlanması, kənddə uşaq bağçası-körpələr evinin tikintisi, Tivi Su Elektrik Stansiyasının (SES) inşası, eləcə də Ordubad şəhərinin və kəndlərin mərkəzi küçələrinin işıqlandırılması istiqamətində nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib.

       Vurğulanıb ki, həyata keçiriləcək infrastruktur layihələri rayonun sosial-iqtisadi inkişafına, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və kəndlərin infrastruktur imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.

       Qəbul zamanı kənd sakinləri su təminatının yaxşılaşdırılması, kənddaxili avtomobil yollarının təmiri, qaz və elektrik xətlərinin bəzi hissələrində təmir və yenilənmə işlərinin aparılması, mini futbol meydançasının tikintisi, iaşə obyektinin inşası, torpaq sahəsinin əldə edilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. İcra başçısı qaldırılan məsələlərin hər birini diqqətlə dinləyib, onların qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Müraciətlərin araşdırılması və həlli ilə bağlı məsələlərin nəzarətdə saxlanılacağı bildirilib.