ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsin aprel ayının 22-də mətbuata bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyev çıxışında bildirib ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır.

            Vurğulanıb ki, bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanda - Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatları dinlədik. Çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi. Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür.

Ölkəmizin Prezidenti qeyd edib ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək.

İlham Əliyev bildirib ki, Latviya Prezidenti Edqars Rinkeviçs ilə Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etdik. Cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər.

Ölkəmizin Prezidenti vurğulayıb ki, ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Onun mühüm hissəsini cənab Prezidentlə olan şəxsi münasibətlərimiz təşkil edir. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm.