
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
2017-ci il 29 dekabr tarixində qəbul edilmiş Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
Ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi diqqət yetirilir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.
Düşmənin tam məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Antiterror tədbiri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbiri dayandırıldı.
Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Prezident İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb.
Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar təşkil olunur və keçirilir. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur.

