Ordubad Peşə Liseyində 8 Noyabr – Zəfər Gününün 6-cı ilinin tamam olması ilə əlaqədar təntənəli tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Əli Heydərov, Ordubad Peşə Liseyinin direktoru Nicat Rzayev, şəhid ailələrinin üzvləri, qazilər və dəvət olunmuş qonaqlar çıxış edərək 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən, Azərbaycan xalqının həmrəyliyindən, milli birliyindən və Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs ediblər. Çıxışlarda Zəfərin əldə olunmasında şəhidlərimizin misilsiz fədakarlığı və qazilərimizin göstərdiyi şücaət xüsusi vurğulanıb.
Tədbirin bədii hissəsində lisey tələbələri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar, milli rəqslər, səhnəciklər və ədəbi-bədii kompozisiyalar təqdim olunub. Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş yürüş, hərbi and səhnəciyi və Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağının təntənəli qarşılanması tədbir iştirakçıları tərəfindən böyük ehtiram və duyğularla qarşılanıb.