
12 noyabr 2026-cı il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir təşkil olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Mehbalıyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi əhəmiyyətindən, ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlardan bəhs edib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul edilən Əsas Qanunumuz cəmiyyətin gələcək inkişaf vektorunu müəyyənləşdirən fundamental sənəddir.
Daha sonra çıxış edən Ordubad Rayon Polis Şöbəsinin əməkdaşı Orxan Tağıyev və Ordubad Rayon Prokurorluğunun əməkdaşı Ülvü Hüseynov Konstitusiyanın cəmiyyətdə hüququn aliliyinin təmin olunmasındakı rolundan, vətəndaşların hüquq və azadlıqlarının qorunmasından, eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar. Çıxışlarda hər bir vətəndaşın Konstitusiyanın tələblərinə hörmətlə yanaşmasının və hüquqi mədəniyyətin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə başa çatıb.



