06 oktyabr 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətində 2026-cı ildə payızlıq taxıl əkinlərinin aparılması mövzusunda fermerlərlə görüş keçirildi. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, icra hakimiyyətinin məsul əməkdaşları, müvafiq kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri, aidiyyəti qurumların nümayəndələri, rayonun kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlər iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev kənd təsərrüfatının rayon iqtisadiyyatında mühüm yer tutduğunu qeyd edərək, aqrar sahənin inkişafının, fermerlərin fəaliyyətinin dəstəklənməsinin və onların qarşılaşdıqları məsələlərin operativ şəkildə həllinin vacibliyini vurğulayıb, kənd təsərrüfatının ölkədə ərzaq təhlükəsizliyi və əhalinin məşğulluğunun təmin olunmasındakı əhəmiyyətindən danışıb. Ordubad rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qarşıdakı dövrdə görülməsi nəzərdə tutulan işlər, payızlıq əkin mövsümünün səmərəli təşkili, kənd təsərrüfatının dayanıqlı inkişafının və məhsul bolluğunun yaradılması baxımından böyük önəm kəsb etdiyi bildirilib. Payızlıq taxıl əkinlərinin gedişatı, kəndlər üzrə mövcud vəziyyət və əkin sahələrinin suvarma suyu ilə təminatı barədə məlumat verilib.
Tədbirdə torpaq və su resurslarından səmərəli istifadə, əkinlərin optimal müddətdə tamamlanması, aqrotexniki tələblərə əməl olunması, suvarma sistemlərinin mövcud vəziyyəti və fermerlərin ehtiyaclarının vaxtında qarşılanması ilə bağlı məsələlərə toxunulub, bu istiqamətdə təkliflər səsləndirilib və konkret hədəflər müəyyənləşdirilib.
İcra başçısı qeyd edib ki, dövlət tərəfindən aqrar sektorun inkişafına göstərilən diqqət və qəbul edilən dövlət proqramlarının ardıcıl icrası kənd təsərrüfatında yeni imkanların formalaşmasına, istehsalın genişləndirilməsinə, məhsuldarlığın artırılmasına və fermerlərin fəaliyyətinin daha səmərəli təşkilinə mühüm zəmin yaradır.
Daha sonra fermerlərin fikirləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib. Görüş zamanı kənd təsərrüfatının inkişafı, əkin sahələrinin səmərəli istifadəsi, suvarma, məhsuldarlığın artırılması və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələr zamanı suvarma suyunun əkin sahələrinə çatdırılmasında istifadə olunan nasosların daha operativ şəkildə işə salınması, tətbiq olunan qrafikə nəzarətin gücləndirilməsi, arx və kanalların təmizlənməsi və açılması, əkin sahələrində qalmış saman qalıqlarının təmizlənməsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin Çənnəb kəndində yerləşən gölün bərpası, payızlıq əkinlərə hazırlıq çərçivəsində aparılan şum və digər aqrotexniki işlərin vaxtında həyata keçirilməsi üçün texnika təminatının yaxşılaşdırılması məsələlərinə toxunulub. Fermerlər tərəfindən texnikaların hərəkət etdiyi yollarda ağacların budaqlarının yolun hərəkət hissəsinə çıxaraq nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməsi də diqqətə çatdırılıb və bu istiqamətdə zəruri tədbirlərin görülməsinin vacibliyi bildirilib.
Fermerləri maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təklif və müraciətlərin aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.